Şimal bölgəsində hava şəraiti kəskin dəyişib. Temperatur aşağı düşüb, yağıntılı hava isə dağlıq
ərazilərə qar gətirib. Quba və Qusarın yüksək dağlıq kəndləri ağ örpəyə bürünüb. Noyabrın 25-dən etibarən bölgədə havanın temperaturunda nəzərəçarpacaq azalma müşahidə olunub. Ərazinin bəzi hissələrində yağış, dağlıq və yüksək dağlıq ərazilərdə isə sulu qar və qar yağıb.Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzinin məlumatına görə, noyabrın 26-sına olan meteoroloji göstəricilərə əsasən, Quba rayonunun Qrız kəndində qar örtüyünün hündürlüyü 6 santimetrə çatıb. Burada havanın temperaturu mənfi 6,8 dərəcə qeydə alınıb. Qusar rayonunun Laza kəndində isə qar örtüyünün hündürlüyü 5 santimetr, havanın temperaturu mənfi 6,5 dərəcə olub. Bununlada deyə bilərik ki, qışın gəlişi Şimal bölgəsinin dağlıq ərazilərində artıq özünü göstərir.
