XINALIQ VƏ QRIZ AĞ ÖRPƏYƏ BÜRÜNDÜ

Payızın son ayı dağlıq ərazilərə qışın ilk nəfəsini gətirib. Quba və Qusar rayonlarının yüksək dağlıq ərazilərində qar yağıb.

Dağ kəndləri ağ örpəyə bürünüb, ətraf ərazilərdə qış mənzərəsi yaranıb. Qafqaz TV-nin verdiyi bilgiyə görə, yağan qarın hündürlüyü Qusar rayonunun Laza kəndində 8 santimetrə çatıb. Quba rayonunun yüksək dağlıq ərazilərində yerləşən Xınalıq və Qrız kəndlərində isə qar örtüyünün qalınlığı 15 santimetr təşkil edir. Payız fəslinin davam etməsinə baxmayaraq, yüksək dağlıq ərazilərdə qışın gəlişi artıq hiss olunur. Havanın temperaturunun aşağı düşməsi ilə qar örtüyünün qalınlaşması ehtimalı da var. Qeyd edək ki, Xınalıq, Qrız və Laza kəndləri qış aylarında sərt hava şəraiti və qar örtüyü ilə seçilən dağ yaşayış məntəqələrindəndir. Bu ərazilərə səfər edən sürücülərin və turistlərin hava şəraitini nəzərə almaları, yollarda ehtiyatlı hərəkət etmələri tövsiyə olunur.