Xaçmaz-Quba avtomobil yolunun Xaçmaz rayonunun Armudpadar kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə hərəkətdə olan “QAZ-3110” və “VAZ-21099” markalı minik avtomobillərinin toqquşması nəticəsində qeydə alınıb.
Qəza zamanı “VAZ-21099” markalı avtomobilin sürücüsü və nəqliyyat vasitəsində olan altı sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanların Xaçmaz rayonunun Əbilyataq kənd sakinləri olduğu bildirilir. Məlumata görə, yaralanan yeddi nəfərdən altısı eyni ailənin üzvləridir. Onlar ata, ana və ailənin dörd azyaşlı qız övladlarıdır. Yaralıların hamısı hadisə yerindən Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq tibbi yardım alıblar. İlkin məlumata əsasən, azyaşlı uşaqlardan birinin vəziyyəti ağır qiymətləndirilir. Digər yaralıların sağlamlıq vəziyyəti ilə bağlı ətraflı məlumat verilməyib. Qəzanın hansı şəraitdə baş verdiyi, avtomobillərin toqquşmasına səbəb olan amillər və hadisənin digər təfərrüatları müvafiq qurumlar tərəfindən araşdırılır. {youtube} https://youtu.be/27o0ADaxtjM (/youtube}
