XALQ ARTİSTİ VAMİQ MƏMMƏDƏLİYEVİN 80 İLLİK YUBİLEYİ QEYD OLUNUB

Azərbaycanın Xalq artisti, tanınmış tarzən, professor Vamiq Məmmədəliyevin 80 illik yubileyinə həsr olunmuş tədbir Bakı şəhər Səid Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin təqdimatı ilə Azərbaycan Milli Konservatoriyasının Böyük zalında keçirilib.

Yubiley tədbirinin əsas məqsədi görkəmli sənətkarın zəngin yaradıcılıq yolunu, Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərini və milli muğam sənətinin təbliğinə verdiyi töhfələrdən danışmaq və onun sənət irsini gənc nəslə tanıtmaq olub.Tədbirdə Vamiq Məmmədəliyevin çoxşaxəli sənət fəaliyyəti, tar ifaçılığı sahəsində qazandığı nailiyyətlər, pedaqoji fəaliyyəti və yetişdirdiyi musiqiçilər nəslinin Azərbaycan musiqi mədəniyyətindəki yeri diqqətə çatdırılıb. Qeyd edək ki, 1946-cı il iyunun 9-da Bakının Kürdəxanı qəsəbəsində anadan olan Vamiq Məmmədəliyev ömrünün böyük hissəsini tar ifaçılığına, muğam sənətinin inkişafına və tədrisinə həsr edib. Ustad tarzən öz yüksək ifaçılıq məharəti ilə Azərbaycan muğamını beynəlxalq səviyyədə də layiqincə təmsil edib. Onun ifaları televiziya və radionun qızıl fondunda qorunur. Xalq artistinin 80 illik yubileyinin qeyd olunması, eyni zamanda, milli musiqi irsimizin yaşadılması, ustad sənətkarların xidmətlərinin qiymətləndirilməsi və gənc musiqiçilərin sənət ənənələrinə bağlı ruhda yetişdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.