ULU ÖNDƏRİN ÖMÜR YOLU VƏTƏNƏ VƏ XALQA XİDMƏT NÜMUNƏSİDİR
Baxış sayı: 44
Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının inzibati binasında Quba rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummili lideri Heydər Əliyevin anım gününə həsr olunan “Ulu Öndərin ömür yolu Vətənə və xalqa xidmət nümunəsidir” adlı konfrans keçirildi. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Quba şəhərində adını daşıyan Mədəniyyət və İstirahət parkındakı abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər. Konfransda Quba rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Rayon İcra Hakimiyyətinin və YAP Quba rayon təşkilatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, ərazi partiya təşkilat sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri və partiya fəlları iştirak ediblər. Tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilinəsi ilə başlanılıb. Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının sədri Fidan Hüseynova tədbiri giriş sözü ilə açaraq, Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı, milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən danışıb. Quba rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycanı güclü təməllər üzərində inkişaf etdirdiyini, dövlət maraqlarını daim qoruduğunu, milli həmrəyliyə nail olduğunu vurğulayıb. Çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmaqla onu müstəqilliyə qovuşduran qüdrətli şəxsiyyət olduğunu, xalqına layiqli xidməti nəticəsində millətin və tarixin yaddaşında əbədi yer tutduğunu qeyd ediblər. Bildiriblər ki, Ümummilli Lider bütün həyatını xalqımızın rifahının yüksəlməsinə, Azərbaycan xalqının dünyada nüfuzunun daha da artmasına, dövlətimizin güclənməsinə və qüdrətlənməsinə sərf edib.
