TELLİ PƏNAHQIZI TELEKANALA RƏHBƏR TƏYİN OLUNDU

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədr müavini, Əməkdar mədəniyyət işçisi, “Dostluq” ordenli, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının Şura üzvü, Teleradio Akademiyasının rektoru, şairə və publisist Telli Pənahqızı Qərbi Azərbaycan Televiziyasına rəhbər təyin olunub. Bilgini Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasından bildiriblər. Qeyd edək ki, Telli Pənahqızı 1952-ci ildə Ermənistan SSR-in Amasiya rayonunun Aşağı Şorca kəndində dünyaya gəlib. 1980-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Ədəbi fəaliyyətə 1970-ci illərin sonunda başlayıb və ilk şeirləri mətbuatda dərc olunub. Telli Pənahqızı uzun illər Azərbaycan televiziyasında və mətbuat sahəsində çalışıb, “Azərbaycan gəncləri”, “525-ci qəzet”, “Ədalət”, “Səs” və digər qəzetlərdə publisistik yazılarla çıxış edib. O, eyni zamanda AzTV-də müxtəlif proqramların müəllifi və aparıcısı olub, “Açıq söhbət”, “Görüş yerimiz Vətən olsun” kimi ictimai-siyasi proqramlarla tanınıb. Telli Pənahqızının “Anamın kitabı”, “Yarpaqlarım üşüyür”, “Ayrılığın harayı”, “Gəl qonağım ol”, “Səni sevdim” və s. adlı şeir kitabları nəşr olunub.Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü olan Telli Pənahqızı həm də gənc jurnalist və şairələrin yetişməsində mühüm rol oynayıb. Teleradio Akademiyasının rektoru kimi bir çox təlim-tədris layihələrinə rəhbərlik edir, tələbələrə televiziya və söz sənətinin incəliklərini öyrədir. Məlumat üçün bildirək ki, Qafqaz TV və Çölçü İB-nin rəhbəri Eltən Törəçi Telli Pənahqızının bacısı oğludur. Qeyd edim ki, Telli xanım dəfələrlə Qafqaz TV də olmuş və gənc jurnalistlərə ustad dərsləri keçib. Gənc kadrlara qarşılarında qoyulan tələblərdən, jurnalist üçün vacib olan peşəkar keyfiyyətlərdən, o cümlədən müasir media sistemində TV-lərin rolundan və digər aktual mövzulardan bəhs edib. Bizdə Qafqaz TV ailəsi adından Telli xanımı yeni vəzifəyə təyin olunması münasibəti ilə təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları diləyirik.