Bakıda və Abşeron yarımadasında noyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bilgi verilib. Bildirilib ki, gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində yağıntının qısamüddətli intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-dən 13°- dək isti, gündüz 15- dən 18°- dək isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-75 % təşkil edəcək. Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-dən 11°-dək isti, gündüz 14-dən 18°-dək isti, dağlarda gecə 3-dən 8°-dək isti, gündüz 8- dən 13°-dək isti olacaq.
