Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Xucbala kənd inzibati ərazi dairəsinin Digah kəndində
vətəndaşların növbəti səyyar qəbulunu keçirib. Qəbulda rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, eləcə də Quba rayonunda həyata keçirilən sosial-iqtisadi inkişaf tədbirləri, görülən işlər və qarşıda duran vəzifələr barədə kənd sakinləri ətraflı bilgiləndirilib. Daha sonra vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin araşdırılması və həlli məqsədilə aidiyyəti qurumların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verilib. Kənd sakinləri əhalinin müraciətlərinə həssas yanaşılmasına, problemlərin həlli istiqamətində görülən işlərə, göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə ediblər. Qəbuldan əvvəl Rayon rəhbəri aidiyyəti şəxslərlə birlikdə Birinci Qarabağ müharibəsi şəhidi Fərhad Həmzəyevin Digah kənd tam orta məktəbinin qarşısında ucaldılan büstü önünə, həmçinin Digah kənd tam orta məktəbində yaradılan Şəhid xatirə guşələrinin qarşısına gül dəstələri düzərək şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib.
