QƏRBİ AZƏRBAYCAN MƏSƏLƏSİ BMT GÜNDƏMİNDƏ

Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahında “Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” mövzusunda beynəlxalq konfrans keçirilib.

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən tədbirdə qayıdış hüququ, dekolonizasiya, öz müqəddəratını təyinetmə, tarixi yaddaşın və mədəni irsin qorunması məsələləri müzakirə olunub. Konfransın açılışında çıxış edən Bakı Təşəbbüs Qrupunun Kommunikasiya və Data Analitikası şöbəsinin müdiri Elgün Hacıyev Qərbi azərbaycanlıların qayıdış hüququ məsələsinə toxunub. O bildirib ki, Qərbi azərbaycanlıların öz keçmiş yaşayış yerlərinə qayıdış hüququ məsələsi BMT-nin müvafiq qurumları və beynəlxalq mexanizmləri çərçivəsində nəzərdən keçirilməyə layiqdir. Konfrans zamanı azərbaycanlıların etnik təmizləməyə məruz qalması, mədəni və dini abidələrə qarşı törədilmiş vandalizm aktlarını özündə ehtiva edən qısametrajlı sənədli film nümayiş etdirilib. Daha sonra konfrans işini panel müzakirələri ilə davam etdirib. Corc Meyson Universitetinin doktorantı, Təhlükəsizlik Siyasəti Araşdırmaları Mərkəzinin baş redaktoru Əli Məmmədov çıxışında Qərbi azərbaycanlıların Ermənistandakı keçmiş yaşayış yerlərinə qayıdışı məsələsinə diqqət çəkib. O bildirib ki, üç onillikdən artıq vaxt keçməsinə baxmayaraq, azərbaycanlı qaçqınların mənşə yerləri ilə əlaqəsi, qayıdış və mədəni irsin qorunması məsələləri aktuallığını saxlayır. Konfransın yekununda Bakı Təşəbbüs Qrupu və tədbir iştirakçıları adından BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul edilib. Müraciətdə Qərbi Azərbaycanda və sənəddə qeyd olunan digər ərazilərdə yaşayan və ya həmin ərazilərlə bağlı olan şəxslərin təhlükəsiz, könüllü, ləyaqətli və davamlı qayıdışının təşviqinə, həmçinin Ermənistan ərazisində Azərbaycanın mədəni, dini və tarixi irsinin qorunması və mühafizəsi üçün səmərəli təminatların yaradılmasına çağırılıb. Tədbirin sonunda konfrans iştirakçıları səssiz aksiya keçiriblər. Aksiya zamanı “Qərbi Azərbaycan - qayıdış xeyriyyə deyil, hüquqdur”, “Ədalət qayıdış hüququndan başlayır”, “Qayıdış olmadan dekolonizasiya tamamlanmayıb”, “Müstəmləkəçiliyə son qoyulsun, tarixi ədalət bərpa edilsin” və “Öz müqəddəratını təyinetmə dekolonizasiyaya aparan yoldur” şüarlarının əks olunduğu plakatlar qaldırılıb.