QUBANIN ZƏRQOVA KƏNDİNDƏ BALIQÇILIĞA YENİ NƏFƏS

Quba-Xaçmaz bölgəsinin kəndlərində şəxsi təsərrüfatlarda süni su hövzələri yaradılaraq balıqçılıq inkişaf etdirilir.

Qubanın Zərqova kəndində fəaliyyət göstərən təsərrüfat da bu sahədə nümunələrdəndir. Burada meyvəçiliklə yanaşı, 2016-cı ildən balıqçılıq təsərrüfatı da fəaliyyət göstərir. Təsərrüfat sahibi illər əvvəl fəaliyyət sahəsini genişləndirərək burada balıq yetişdirməyə başlayıb. Bunun üçün şəxsi torpaq sahəsində süni su hövzələri yaradılıb.Hazırda təsərrüfatda meyvəçiliklə balıqçılıq bir arada həyata keçirilir. Fermerin sözlərinə görə, şəxsi təsərrüfatlarda yaradılan belə su hövzələri kənd yerlərində əlavə gəlir mənbəyinin formalaşmasına imkan verir. Quba-Xaçmaz bölgəsində kənd təsərrüfatının müxtəlif istiqamətləri ilə yanaşı, balıqçılıq təsərrüfatlarının da inkişaf etdirilməsi bu sahənin kənd təsərrüfatında rolunu artırır. Zərqova kəndindəki bu təsərrüfat da göstərir ki, şəxsi torpaq sahələrindən səmərəli istifadə etməklə ənənəvi kənd təsərrüfatı sahələri ilə yanaşı, balıqçılığı da inkişaf etdirmək mümkündür. Onu da vurğulayaq ki, Azərbaycanda akvakultura sahəsinin inkişafına xüsusi diqqət ayrılıb. 2024-cü ildə Balıqçılıq və Akvakultura Mərkəzi yaradılıb. Bu il isə Prezidentin sərəncamı ilə 2026–2030-cu illər üzrə Dövlət Proqramı təsdiqlənib. Sənəddə balıqçılıq və akvakulturanın inkişafı əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib.