QUBADA “ZAMAN GƏLƏR, ZAMAN GƏLMƏZ” KİTABININ TƏQDİMATI KEÇİRİLDİ

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Əməkdar həkim Cabir Məmmədovun mənalı həyat yoluna və əziz xatirəsinə həsr olunmuş, görkəmli şair Ramiz Qusarçaylı və yazıçı-publisist Qvami Məhəbbətoğlu tərəfindən qələmə alınmış “Zaman gələr, zaman gəlməz” kitabının təqdimat mərasimi keçirilib.

Tədbir ADPU-nun Quba filialı Heydər Əliyev Lektoriyasının müdiri Nəhayət Şirinovanın moderatorluğu ilə bsş tutub. İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.Tədbir Əməkdar həkim Cabir Məmmədovun həyat və fəaliyyətindən bəhs edən “Əməkdar həkim” adlı videoçarxın təqdimatı ilə açıq elan olunub. Sonra giriş sözü ilə ADPU-nun Quba filialının direktoru, professor Yusif Alıyev çıxış edərək Cabir Məmmədovun zəngin həyat və əmək yolunu kitab formatında əbədiləşdirilməsini yüksək qiymətləndirib. Yusif Alıyev müəlliflərə təşəkkürünü bildirib və tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığını ifadə edib.Daha sonra Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abbasova, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Azərbaycan Yazıçılar Birliyinin sədrinin baş müşaviri və aparat rəhbəri Rauf Aslanov, Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər Zeynalov, ADPU-nun Quba filialının direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru Aysel Şeydayeva və digərləri kitabın ərsəyə gəlməsini yüksək qiymətləndirərək, Cabir Məmmədovun şəxsiyyəti və həyat yolunun cəmiyyət üçün nümunəvi məqamlarına toxunublar. Çıxışlarda xüsusilə vurğulanıb ki, “Zaman gələr, zaman gəlməz” kitabı yalnız bir həkimin həyat yolunu əks etdirən nəşr deyil, eyni zamanda insan ömrünün mənası, peşəyə sədaqət, xalqa xidmət və mənəvi dəyərlərə bağlılıq kimi ali prinsipləri özündə ehtiva edən qiymətli salnamədir. Kitabın ərsəyə gəlməsi Cabir Məmmədovun xatirəsinin yaşadılması ilə yanaşı, onun həyat və fəaliyyətinin gələcək nəsillərə çatdırılması baxımından da əhəmiyyətlidir. Təqdimat mərasimində çıxış edən Rəşad Cabirli atasının xatirəsinə həsr olunan kitabın ərsəyə gəlməsində zəhməti olan müəlliflərə təşəkkürünü bildirib. O, tədbir iştirakçılarına atasının xatirəsini yaşatdıqları və bu əlamətdar gündə ailənin sevincinə şərik olduqları üçün təşəkkürünü çatdırıb. Rəşad Cabirli vurğulayıb ki, belə bir kitabın nəşri Cabir Məmmədovun xatirəsinin daim ehtiramla yad edilməsinə xidmət edəcək. Tədbirin sonunda kitabın müəllifləri Ramiz Qusarçaylı və Qvami Məhəbbətoğlu çıxış edərək nəşrin ərsəyə gəlməsi prosesindən, Cabir Məmmədovun həyat yolunun öyrənilməsi və kitablaşdırılması ilə bağlı məqamlarından bəhs edib, tədbir iştirakçılarına təşəkkürlərini bildiriblər. Tədbir xatirə fotosunun çəkdirilməsi və kitabın imza mərasiminin keçirilməsi ilə yekunlaşıb.