QUBADA ŞAHİN FAZİLİN 85 İLLİK YUBİLEYİ QEYD EDİLDİ

Pedaqoji Universitetin Quba filiallında görkəmli tarixçi alim, professor Şahin Fərzəliyevin 85 illik yubileyinə həsr olunan “İlkin qaynaqlar tarixin güzgüsüdür” mövzusunda respublika elmi konfrans keçirilib. Konfransın rəsmi açılışında şəhid ailələrinin üzvləri, filialın rəhbərliyi, professor-müəllim və tələbə heyəti, habelə görkəmli alimlər iştirak ediblər. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, professor Yusif Alıyev konfransı giriş sözü ilə açaraq bildirdi ki,professor Şahin Fazilin bütün yaradıcılığı təkcə Azərbaycana faydalı deyil, dünya elmi üçün böyük qənimətdir. Konfransın aparıcısı, filialın baş müəllimi Kəmalə Bayramova professor Şahin Fərzəliyevin zəngin mənalı həyat və fəaliyyəti barədə geniş məlumat verəndən sonra çıxışlara başlanılıb. Çıxış edənlər Professor Şahin Fazilin zəngin mənalı həyat və yaradıcılığına dair fikir və düşüncələrini bölüşüblər. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının tələbələri Günəş İskəndərov və Aysun Əliyeva şeirlər söyləyiblər. Şahin Fazilin qızı Ülviyyə Şahinqızı konfransın təşkilinə görə zəhməti keçən bütün şəxslərə səmimi minnətdarlığını bildirib. Rəsmi hissədə çıxış edənlərə Fəxri fərman, iştirakçı qonaqlara Təşəkkürnamələr təqdim olunub.