QUBADA ZƏFƏR SEVİNCİ BELƏ YAŞANDI

8 Noyabr – Zəfər Günü münasibətilə Quba şəhərində ümumrayon tədbiri keçirilib. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Nizami adına Mədəniyyət və İstirahət parkında təşkil olunan tədbir böyük coşqu və bayram əhval-ruhiyyəsi ilə yadda qalıb.

Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Milli Məclisin deputatları Əlibala Məhərrəmzadə, Anatoliy Rafailov və Müşfiq Məmmədli, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, idarə və müəssisələrin kollektivləri, ictimai təşkilatların nümayəndələri və çoxsaylı rayon sakinləri iştirak ediblər. Əvvəlcə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin, eləcə də Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Bayram tədbiri daha sonra rəngarəng konsert proqramı ilə davam edib. Respublikanın tanınmış incəsənət nümayəndələri və sevilən müğənnilər – Fərman Məmmədov, Aynur Dadaşova, Mədinə Əsgərova, Elçin Hüseynov, Habil Nuran, Vüsal Şahbazov və Mərdanın ifaları iştirakçılara xoş anlar yaşadıb. M Studio rəqs qrupunun təqdim etdiyi maraqlı və dinamik rəqs nömrələri isə konsert proqramına xüsusi rəng qatıb.Meyxana ustaları Aqşin Qubalı, Sənan Qubalı və Elvin Qubalının çıxışları da tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Sakinlərin böyük coşqu ilə izlədiyi konsert proqramı bayram sevincini daha da artırıb. Möhtəşəm atəşfəşanlıqla başa çatan tədbir Qubada Zəfər Gününün böyük təntənə və qürur hissi ilə qeyd olunduğunu bir daha nümayiş etdirdi.