QUBADA PİYADA ZOLAĞINDA BƏDBƏXT HADİSƏ

Qubada daha bir yol-nəqliyyat hadisəsi piyadanın xəsarət alması ilə nəticələnib. Yol-nəqliyyat hadisəsi noyabrın 18-də axşam saatlarında qeydə alınıb.

Belə ki, piyada zolağından yolu keçmək istəyən 16 yaşlı qızı avtomobil vurub. Zərbənin təsirindən müxtəlif dərəcəli bədən xəsarətləri alan yeniyetməyə hadisə yerində ilkin tibbi yardım göstərilib. Daha sonra o, təcili tibbi yardım avtomobili ilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. TƏBİB-in məlumatına görə, pasiyent noyabrın 18-də saat 20:30 radələrində xəstəxanaya hospitalizasiya olunub. Müayinə zamanı ona sağ mil və dirsək sümüklərinin aşağı uclarının açıq, qəlpəli və yerdəyişmiş sınıqları diaqnozu qoyulub. Zəruri tibbi xidmət göstərildikdən sonra pasiyent noyabrın 19-da yazılı iltizamnamə əsasında stasionar müalicədən imtina edib. Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Hadisənin başvermə səbəbləri və digər təfərrüatlar dəqiqləşdirilir.