QUBADA OXÇULUQ KURSLARI UĞURLA BAŞA ÇATDI
Baxış sayı: 15
Qubada Yunus Emre insitutunun təşkilati dəstəyi ilə yeniyetmə və gənclər üçün təşkil edilən 3 aylıq Ənənəvi Türk Oxçuluğu kursları uğurla başa çatıb. Kurslarda Şimal bölgəsində yaşayan 9-18 yaş arası yeniyetmə və gənclər iştirak edirdilər. Bu münasibətlə “Çölçü” İctimai Birliyi tərəfindən keçirilən tədbirdə Quba rayonu üzrə təhsil sektorunun müdiri Pərviz Nurməmmədov, Quba FRİTL direktoru Kamran Əliyev, Quba FRİTL direktor müavini Lalə Məmmədova və digər qonaqlar iştirak edirdilər. “Çölçü” Birliyi qurucusu Eltən Törəçi tədbirə qatılanları salamlayaraq, kursun mahiyyətindən bəhs etdi. O, göstərdikləri dəstəyə görə Yunus Emre insitutunun rəhbərliyinə dərin minnətdarlığını bildirdi. Sonra Yunus Emre insitutunun direktor əvəzi Güven Çolak çıxış edərək bildirdi ki, tarix boyunca türklərin ovçuluqla yanaşı hərbi idman növü kimi xüsusi diqqət yetirdiyi oxçuluq, dədə-babalarımızın ayrılmaz bir parçası və ən müstəsna özəlliklərindən biri olmuşdur. Digər çıxışçılar bildirdilər ki, idmanın həm təhsildə, həm də insanın şəxsiyyət kimi formalaşmasındakı rolu əvəzsizdir: Hər bir xalq öz milli idman növlərinin tarixini tapıb üzə çıxarmalı və gələcək nəsillərə çatdırmalıdır. Bu hər kəsin vətəndaşlıq borcudur. Çıxışlardan sonra kursu bitirən şagirdlər arasında oğlan və qızlardan ibarət iki qrup şəklində oxatma yarışı başladı. Yarışın sonunda hədəfi ən dəqiq nişan alan 2 nəfər birinci, 2 nəfər ikinci, 2 nəfər isə üçüncü yerə layiq görüldülər. Qaliblər mükafatlandırıldan sonra, kursu uğurla bitirən iştirakçılara “Çölçü” Birliyi tərəfindən sertifikatlar təqdim edildi. Sonda xatirə şəkli çəkdirildi.Türk oxçuluğunun uşaqların fiziki və əqli inkişafı üçün çox böyük faydaları var. Belə ki, Uşaqlar gündəlik həyatlarında kürək və bel əzələlərini inkişaf etdirmirlər. Daha çox önə əyilərək iş gördükləri üçün onlarda duruş yalnışlıqları yaranır. Oxçuluq bütün bədəni, xüsusən də bel və qol əzələlərini məşq etdirməklə uşaqlarda duruş yalnışlıqlarını aradan qaldırmağa kömək edir. Qeyd edək ki, dərslər peşakar Türk oxçuluğu müəllimi Eltən Törəçi tərəfindən həftədə 2 dəfə olmaqla 120 dəqiqə təşkil edirdi. “Çölçü” Birliyi qurucusu Eltən Törəçi Yunus Əmrə İnstitutunun və Okçular Vakfının 2017-ci ildən gerçəkləşdirdiyi “Kemankeş” layihəsi çərçivəsində keçirilən 8-ci Gələnəksəl Türk Oxçuluğu müəllimi təlim proqramını uğurla başa vuraraq gələnəksəl Türk oxçuluğu müəllimi sertifikatı alıb.