22 iyul - Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib.
Əvvəlcə Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının birinci müavini Tariyel İbrahimov, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və media nümayəndələri Quba şəhərində yerləşən “Media şəhidləri parkı”nda şəhid jurnalistlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri düzüb və onların əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra media nümayəndələri ilə görüş keçirilib. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının birinci müavini Tariyel İbrahimov kütləvi informasiya vasitələrinin əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək bildirib ki, 151 il əvvəl görkəmli maarifçi və mütəfəkkir Həsən bəy Zərdabi tərəfindən nəşrinə başlanılan “Əkinçi” qəzeti Azərbaycan milli mətbuatının təməlini qoymaqla yanaşı, ölkədə maarifçilik ideyalarının yayılmasına və mətbuatın inkişafına mühüm töhfələr verib. Görüşdə çıxış edən media nümayəndələri dövlət tərəfindən mətbuatın inkişafına göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək, yaradılan əlverişli fəaliyyət mühitinə görə minnətdarlıqlarını bildirib, Milli Mətbuat və Jurnalistika Günü münasibətilə bütün həmkarlarını təbrik edərək, Azərbaycan mediasının cəmiyyətin inkişafı naminə bundan sonra da peşəkarlıqla fəaliyyət göstərəcəyini vurğulayıblar.
