Layihənin ilk görüşü 18 iyul tarixində Quba şəhərində keçirilib.
Tədbirdə Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, Qafqaz TV-nin baş direktoru Eltən Qədimbəyli, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, yazıçı-publisist Əkbər Qoşalı, Quba RİH-nin məhsul şəxsi, eləcə də digər media rəhbərləri və jurnalistlər iştirak ediblər. Görüşün əsas məqsədi bölgələrdə fəaliyyət göstərən jurnalistlərin, media rəhbərlərinin, televiziya, radio, xəbər saytları, internet media və rəqəmsal platformalarda çalışan peşəkarların Azərbaycan Jurnalistlər Birliyindən gözləntilərini öyrənmək, onların fikir və təkliflərini dinləmək, Birliyin gələcək fəaliyyət istiqamətlərini müasir jurnalistikanın tələblərinə uyğun şəkildə müəyyənləşdirmək olub. Tədbirdə süni intellektin media mühitinə təsiri, rəqəmsal transformasiya, dezinformasiya ilə mübarizə, peşə etikası, auditoriya etimadı, jurnalistlərin hüquqi müdafiəsi, bölgə mediasının mövcud problemləri və inkişaf perspektivləri ətrafında geniş müzakirələr aparılıb. İştirakçıların fikir və təklifləri dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb. Görüş zamanı Həsən bəy Zərdabinin mətbuat irsinin müasir dövrün çağırışları ilə uzlaşdırılmasının, Azərbaycan Jurnalistlər Birliyinin daha fəal, müasir və faydalı peşə platforması kimi inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, “Əkinçidən Yeni Çağa: AJB Bölgə Mediası Dinləməsi” layihəsi ölkənin müxtəlif bölgələrində davam etdiriləcək və media ictimaiyyəti ilə birbaşa dialoqun genişləndirilməsinə xidmət edəcək.
