QUBADA AŞIQ HAŞIM QUBALININ 80 İLLİK YUBİLEYİ QEYD OLUNDU

Quba Rayon İcra Hakimiyyətinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının, Azərbaycan Respublikası Aşıqlar Birliyinin və Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycanın tanınmış sənətkarı, Əməkdar mədəniyyət işçisi, ustad Aşıq Haşım Qubalının 80 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.

ADPU-nun Quba filialında təşkil olunan yubiley tədbiri milli-mənəvi dəyərlərə, aşıq sənətinə və ustad sənətkara göstərilən ehtiramın parlaq ifadəsinə çevrilib.Tədbiri giriş sözü ilə açan Quba Mədəniyyət Mərkəzinin rəhbəri Ramiz Ramazanlı qonaqları salamlayaraq yubiley gecəsinin əhəmiyyətindən danışıb. O, Aşıq Haşım Qubalının Azərbaycan aşıq sənətinin inkişafında, xüsusilə Quba aşıq mühitinin formalaşması və yaşadılmasındakı xidmətlərini yüksək qiymətləndirib. Açılış nitqi ilə çıxış edən Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovun salam və təbriklərini tədbir iştirakçılarına çatdırıb. O, ustad sənətkarın uzun illər ərzində bölgənin mədəni həyatına verdiyi töhfələrdən bəhs edib, Aşıq Haşım Qubalıya Rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanını və xatirə hədiyyələrini təqdim edib.Tədbirdə çıxış edən ADPU-nun Quba filialının direktoru, professor Yusif Alıyev ali təhsil ocaqlarında milli-mədəni irsin təbliğinə həsr olunan tədbirlərin keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, belə görüşlər gənc nəslin vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlərə və tarixi-mədəni köklərə bağlı şəkildə formalaşmasına mühüm töhfə verir. Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı isə Aşıq Haşım Qubalının yaradıcılıq yolunun özünəməxsus cəhətlərini təhlil edib, onun ozan-aşıq ənənələrini qoruyan, inkişaf etdirən və gələcək nəsillərə ötürən dəyərli sənətkarlardan biri olduğunu bildirib. Sonra Məhərrəm Qasımlı Haşım Qubalıya Azərbaycan Aşıqlar Birliyinin ustad sənətkar medalını təqdim edib.Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Fuad Orucov çıxışında dövlətin mədəniyyət və incəsənət xadimlərinə göstərdiyi diqqət və qayğıdan danışıb, yubilyara xoş arzularını çatdırıb.Aşıqlar Birliyinin digər üzvləri də çıxış edərək ustad sənətkara yubiley münasibətilə təbriklərini və səmimi arzularını ifadə ediblər.Yubiley gecəsində ictimaiyyət nümayəndələri, mədəniyyət və sənət adamları, filialın professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Saz və söz ustalarının ifasında təqdim olunan aşıq havaları, poetik nümunələr və ədəbi-bədii çıxışlar gecəyə xüsusi rəng qatıb, tədbirin milli ruhunu daha da zənginləşdirib. Aşıq Haşım Qubalının ailə üzvləri də çıxış edərək ustad sənətkara göstərilən yüksək diqqət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına dərin minnətdarlıqlarını bildiriblər.Yubiley gecəsi ədəbi-bədii kompozisiya və musiqi proqramından sonra səmimi çay süfrəsi arxasında davam edib. Tədbir xoş xatirələr, ustad sənətkara ünvanlanan ürək sözləri və yüksək qonaqpərvərlik mühitində başa çatıb.