QUBADA 27 SENTYABR – ANIM GÜNÜ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLDİ

27 Sentyabr – Anım Günü münasibətilə Qubada anım tədbiri keçirilib.

Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Şəhidlər Xiyabanında keçirilən tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin kollektivi, YAP Quba rayon təşkilatının, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə şəhidlərimizin məzarları ziyarət olunub, onların ruhuna dualar oxunub, əziz xatirələri dərin ehtiramla yad edilib. Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilid, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Tədbirdə çıxış edənlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqdan bəhs ediblər. Vətənin müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan şəhidlərimizin daim xalqımızın qəlbində yaşayacağı vurğulanıb. Tələbə və şagirdlərin ifasında şəhidlərimizə həsr olunmuş, eləcə də vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib. Saat 12-də rayon ərazisində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov şəhid ailələri ilə səmimi söhbət aparıb. Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.Daha sonra Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksinin yaxınlığındakı ərazidə ağacəkmə aksiyası keçirilib. Aksiyada Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Aksiya zamanı ərazidə ağaclar əkilib, ətraf mühitin qorunmasına və yaşıllıq sahələrinin genişləndirilməsinə töhfə verilib. Ağacəkmə aksiyasının keçirilməsi şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə yanaşı, təbiətin qorunması və gələcək nəsillər üçün sağlam ətraf mühitin yaradılması baxımından da xüsusi əhəmiyyət daşıyır.