QUBA BƏLƏDİYYƏSİNİN YARIMİLLİK FƏALİYYƏTİNƏ HƏSR OLUNAN YIĞINCAQ KEÇİRİLDİ

Quba şəhər Bələdiyyəsi bu ilin ötən 6 ayına həsr olunan hesabat yığıncağı keçirib. Hesabat yığıncağında bələdiyyə üzvləri, məhəllə komitələrinin sədrləri, din xadimləri və şəhər sakinləri iştirak edib. Hesabat yığıncağını giriş nitqi ilə açan Quba şəhər Bələdiyyəsinin sədri Allahverdi Xudaverdiyev geniş məruzə ilə çıxış edib və ötən 6 ayda bələdiyyənin gördüyü işlərdən danışıb. Artıq öz həllini tapmış problemlər və gələcəkdə həlli nəzərdə tutulmuş problemlər barədə bilgi verdi. O bildirdi ki, Quba rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovun tövsiyələri əsasında şəhərdə mühüm abadlıq işləri həyata keçirilir. Vurğulanıb ki, bələdiyyənin əsas məqsədi şəhər İcra Hakimiyyəti ilə birlikdə bu inkişafı sürətləndirmək, sakinlərin yaşayış şəraitini yaxşılaşdırmaq və ictimai infrastruktu daha da gücləndirməkdir. Altı ay ərzində bələdiyyənin fəaliyyətində ciddi irəliləyişlərin olduğunu qeyd edən sədr onu da bildirib ki, hazırda əsas məqsəd bələdiyyənin maliyyə resurslarını artırmaqla qarşılaşdığı problemlərin həllini sürətləndirmək, habelə bələdiyyənin sosialyönümlü proqramlarının həllini diqqətdə saxlamaqdır. Sonra tədbir iştirakçıları məruzəyə münasibət bildirərək Quba şəhərində həlli vacib olan məsələlərə toxundular. Sakinlərin qaldırdıqları problemlərə münasibət bildirən Allahverdi Xudaverdiyev həmin problemlərin həlli istiqamətində Quba şəhər Bələdiyyəsi tərəfindən müvafiq dövlət qurumları ilə iş aparıldığını, layihə və təkliflərin təqdim olunduğu və yaxın gələcəkdə həll ediləcəyini qeyd etdi.