QONAQKƏND SAKİNLƏRİNİN MÜRACİƏTLƏRİ NƏZARƏTƏ GÖTÜRÜLDÜ

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Qonaqkənd qəsəbə inzibati ərazi dairəsi üzrə vətəndaşların növbəti səyyar qəbulunu keçirib. Qəbulda Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, Quba rayon Ağsaqqallar Şurasının sədri, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi islahatlar, regionların inkişafı istiqamətində görülən işlər, həmçinin Quba rayonunda icra olunan layihələr barədə ətraflı bilgi verib.Qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan müraciət və təkliflər diqqətlə dinlənilib, onların həlli istiqamətində aidiyyəti qurumların nümayəndələrinə yerindəcə müvafiq tapşırıqlar verilib. Həlli əlavə araşdırma tələb edən məsələlər nəzarətə götürülərək aidiyyəti üzrə icrası üçün qeydiyyata alınıb. Qəsəbə sakinləri göstərilən diqqətə və qayğıya, əhalinin sosial rifahının yüksəldilməsi, problemlərinin həlli istiqamətində həyata keçirilən ardıcıl tədbirlərə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə etdilər. Səyyar qəbuldan əvvəl Rayon rəhbəri aidiyyəti şəxslərlə birlikdə Qonaqkənd qəsəbəsində Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda Ümummilli Liderin abidəsini və qəsəbənin mərkəzində yerləşən Şəhidlər abidə-xatirə kompleksini ziyarət edib, abidələrin önünə gül dəstələri düzərək dahi şəxsiyyətin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirib.