QAFQAZ TV-DƏ YENİ VERİLİŞ BAŞLAYIR
Baxış sayı: 16
“Tikdim ki, izim qala” verilişi Şimal bölgəsinin tarixi yaddaşını ekranlara daşıyır.
Qafqaz TV-nin istehsalı olan bu layihə Quba Soyqırımı Memorial Kompleksi ilə əməkdaşlıq çərçivəsində çəkilir. Beləki, kompleksin əməkdaşları tarixi mənbələrin araşdırılması və faktların dəqiqləşdirilməsi işlərinə dəstək göstərirlər.
Qafqaz TV-nin bu yeni layihəsinin əsas məqsədi — əsrlərlə yaşı olan memarlıq abidələrini təkcə göstərmək deyil, onların tarixini, keçdiyi yolu və bu günə qədər qorunub saxlanmasının önəmini izləyiciyə çatdırmaqdır.
Layihə çərçivəsində indiyədək Quba rayonunda yerləşən bir sıra tarixi abidələrdən çəkilişlər aparılıb. Bunlara XIX əsrə aid Çuxur hamam, XIX əsrin əvvəllərində inşa edilmiş Quba Cümə məscidi, Qudyalçay üzərində yerləşən Tağlı körpü və xeyriyyəçi qadın Səkinəxanımın adını daşıyan Səkinəxanım məscidi daxildir.
Tarixi qorumaq onu xatırlamaqla başlayır. “Tikdim ki, izim qala” verilişi də bu yaddaşı gələcək nəsillərə çatdırmağı qarşısına məqsəd qoyur.
