Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası məqsədilə
Quba RİH başçısı İlqar Mahmudovun rəhbərliyi ilə rayon qərərgahı yaradılıb və rayonun planı hazırlanıb. Rayon üzrə kənd təsərrüfatının inkişafına dair 5 illik iş planı hazırlanıb, aidiyyəti qurumların və yerli strukturların nümayəndələrindən ibarət işçi mexanizm formalaşdırılıb. Hal hazırda Quba Rayon İcra Hakimiyyəti və Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşlarının iştirakı ilə fermerlər və əhali ilə görüşlər keçirilir. Məlumata görə, 20- dən artıq icra nümayəndəliyi ərazisində belə görüşlər təşkil olunub. Növbəti mərhələdə digər ərazilərdə də fermer və sahibkarlarla görüşlərin keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, görüşlərdə əsas diqqət dövlət tərəfindən aqrar sahəyə göstərilən dəstək mexanizmləri, subsidiyalar, güzəştli kreditlər və digər imkanlar barədə məlumatlılığın artırılmasına yönəldilir. Sahibkarların qarşılaşdıqları problemlər və təkliflər də dinlənilir. Görüş zamanı səsləndirilən məsələlərin aidiyyəti qurumlara çatdırılması və onların həlli istiqamətində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur. Rayonda aqrar sahənin inkişafı ilə bağlı genişmiqyaslı görüşlər də keçirilib. İyulun 16-da Qubada Prezidentin köməkçisi, Ərzaq Təhlükəsizliyi Şöbəsinin müdiri Zeynal Nağdəliyevin iştirakı ilə regional müşavirə təşkil olunub. Toplantıda bir neçə rayonun icra hakimiyyəti rəhbərləri, aidiyyəti dövlət qurumlarının nümayəndələri, fermer və sahibkarlar iştirak edib. Müşavirədə bölgənin kənd təsərrüfatı potensialı, mövcud vəziyyət və inkişaf imkanları müzakirə olunub. Sentyabrın 29-da Quba Rayon İcra Hakimiyyətində kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. İclas Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimovun sədrliyi ilə baş tutub. Görüşdə aidiyyəti qurumların nümayəndələri və sahibkarlar iştirak ediblər. Toplantıda Dövlət Proqramından irəli gələn vəzifələr, rayonda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin mövcud vəziyyəti, inkişaf perspektivləri, istehsal və emal imkanlarının genişləndirilməsi, eləcə də yeni layihələrin həyata keçirilməsi müzakirə olunub. Sahibkarların qarşılaşdıqları problemlər və təkliflər dinlənilib, onların həlli və aidiyyəti qurumlarla əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Sonda irəli sürülən təkliflərin nəzərə alınması və Dövlət Proqramından irəli gələn tədbirlərin icrası ilə bağlı müvafiq tapşırıqlar verilib.Beləliklə, Qubada əsas hədəf yalnız kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq deyil, eyni zamanda istehsal və emal zəncirini genişləndirmək, sahibkarlıq fəaliyyətini stimullaşdırmaq və rayonun aqrar potensialından daha səmərəli istifadə etməkdir.
