Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Milli Təhlükəsizlik Xidmətinə aparılıb.
Bu barədə "Ermənistan" fraksiyasının deputatı Anna Qriqoryan məlumat verib. Bundan başqa, Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Robert Köçəryan və oğlu Levon Köçəryanın evində korrupsiya ilə bağlı cinayətlərə görə axtarışlar aparıldığını bildirib. Ermənistan mətbuatının verdiyi bilgiyə görə, Robert Köçəryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb. Hazırda onun digər oğlu Sedrak Köçəryan da Korrupsiyaya Qarşı Mübarizə Komitəsindədir. Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Robert Köçəryana qarşı qaldırılan cinayət işinin detallarını açıqlayıb. Məlumata görə, Robert Köçəryan və oğlu Sedrak Köçəryan da daxil olmaqla, altı nəfər saxlanılıb.İstintaqın məlumatına görə, Köçəryan prezident vəzifəsini tutarkən vəzifəsindən istifadə edərək dövlət mülkiyyətindən çıxarılan qiymətli əmlakı bazar qiymətlərindən xeyli aşağı qiymətə əldə edib. Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə gedib. Qeyd edək ki, Hadisədən bir gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumət proqramının müzakirəsi zamanı müxalifətə, o cümlədən “Köçəryan klanı”na qarşı bir neçə dəfə sərt ifadələr səsləndirib. Hazırda Köçəryan və Sərkisyan ətrafında baş verənlər Ermənistanın daxili siyasi xəritəsini yenidən dəyişə bilər. Bunun Azərbaycan-Ermənistan sülh prosesinə real təsirinin olub-olmayacağını isə həm istintaqın gedişi, həm də İrəvanın sülh sazişinin imzalanması və ratifikasiyası istiqamətində atacağı növbəti addımlar müəyyən edəcək. Başqa sözlə, İrəvanda köhnə siyasi elita ilə hakimiyyət arasındakı mübarizə dərinləşir, Cənubi Qafqazda isə əsas sual dəyişmir: Ermənistan daxilindəki bu siyasi qarşıdurma sülh prosesinə mane olacaq, yoxsa Paşinyan hakimiyyəti daxili siyasi mübarizəyə baxmayaraq Azərbaycanla normallaşma xəttini davam etdirəcək?
