PAŞİNYAN TÜRKİYƏYƏ SƏFƏR EDƏCƏK
Baxış sayı: 58
Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə iyunun 20-də Türkiyəyə səfər edəcək. Erməni KİV-lərinin verdiyi bilgiyə görə, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib. "Ermənistanın baş naziri Türkiyəyə səfər edəcək. Bütün regional məsələlər müzakirə olunacaq. Bu tarixi səfərdir, çünki bu, Ermənistan rəhbərinin bu səviyyədə ilk səfəridir", - deyə o qeyd edib. Simonyan həmçinin Zəngəzur dəhlizi məsələsinə toxunaraq bildirib ki, bu termin artıq unudulmalı, sadəcə yolun açılması ilə bağlı texniki məsələlər gündəmdə saxlanmalıdır. Səfərlə bağlı İyunun 18-də jurnalistlərin suallarını cavablandıran Ermənistanın baş naziri, Ərdoğanın dəvəti ilə Türkiyəyə səfəri ilə bağlı dünən parlamentdə Ermənistan Milli Assambleyasının sədri Alen Simonyanın verdiyi məlumata toxunaraq deyib: “Deyə bilərəm ki, səfər həqiqətən də planlaşdırılıb və bəyanatların birləşdirilməsi baxımından səfərlə bağlı birbaşa razılaşmaların pozulmaması üçün hazırda yalnız məlum olanı söyləyəcəyəm”. Habelə Paşinyan səfərin gündəliyi ilə bağlı birgə bəyanat veriləcəyini də bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyevin də Türkiyəyə səfəri gözlənilir. Belə ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun X səhifəsində "Azərbaycan Prezidenti İlham Əliyev Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 2025-ci il iyunun 19-da cümə axşamı günü ölkəmizə səfər edəcək” yazısını paylaşıb.