OMBUDSMANLARIN BEYNƏLXALQ SİMPOZİUMUNUN İŞTİRAKÇILARI QUBADA
Baxış sayı: 48
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə keçirilən və “Konstitusiya və Suverenlik İli”nə, həmçinin 18 İyun – Azərbaycan Respublikasında İnsan Hüquqları Gününə həsr olunmuş “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq simpoziumunun iştirakçıları Qubaya səfər ediblər. Beynəlxalq simpoziumun iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər. Sonra Quba rayon icra hakimiyyətində və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba “ASAN həyat” kompleksində olublar. Qonaqlara rayonun tarixi, son dövrlərdə keçdiyi inkişaf yolu, burada yaşayan azsaylı xalqlar, Qubadakı tolerantlıq mühiti haqqında ətraflı bilgi verilib. Sonda qonaqlar Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib, soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzüblər. Simpozium iştirakçılarına ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı bilgi verilib. Qonaqlar Kompleksinin xatirə kitabına ürək sözlərini yazıblar. Qeyd edək ki, səfərdə15-dək ölkədən ombudsman və milli insan hüquqları təsisatlarının rəhbərləri və nümayəndələri, dövlət orqanlarının yüksək vəzifəli şəxsləri, deputatlar, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, həmçinin insan hüquqları sahəsində təcrübəli ekspertlər iştirak edirdilər.