KÜRÜN AXARI İLƏ 550 KİLOMETRLİK SƏFƏR

30 yaşlı azərbaycanlı səyyah bu dəfə fərqli və uzunmüddətli səyahətə çıxıb.

Məqsədi Kür çayının yuxarı axınından başlayaraq, tək nəfərlik qayıqla çayın aşağı axını boyunca avar çəkmək və 550 kilometrdən artıq məsafəni qət edərək çayın Xəzər dənizinə töküldüyü əraziyə çatmaqdır. Gənc səyyah artıq bu marşrutun böyük hissəsini geridə qoyub. 20 gün ərzində təxminən 500 kilometr məsafə qət edən səyyah qarşıdakı son kilometrləri də avar çəkərək başa vurmağı planlaşdırır. Səyyah deyir ki, bu, yalnız fiziki güc və dözümlülük tələb edən səyahət deyil. Layihənin əsas məqsədlərindən biri də avarçəkmə idmanını gənclər arasında daha da populyarlaşdırmaq, sağlam həyat tərzinə marağı artırmaqdır. Səfərin digər mühüm mesajı isə ekologiya ilə bağlıdır. Gənc səyyah Kür boyunca hərəkət etdikcə çayın və ətraf ərazilərin təmiz saxlanmasının vacibliyinə diqqət çəkməyə çalışır. Onun sözlərinə görə, təbiətin qorunması yalnız aidiyyəti qurumların deyil, hər bir insanın məsuliyyətidir. Beləliklə, bir qayıq, bir avar və yüzlərlə kilometrlik yol... Azərbaycanlı səyyah Kürün axarı ilə Xəzərə doğru irəliləyir. Qarşıda isə onun üçün səyahətin son, lakin ən yaddaqalan anları var. Qeyd edək ki, gənc səyyah Şahpələng bir çox xarici ölkələrə də səyahət edərək orada yaşayıb.