Prezidenti İlham Əliyev sentyabrın 14-də Bakıda Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında qurulan “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib.
Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına “SABAH.city” innovasiya şəhərciyi barədə məlumat verdi.Bildirildi ki, layihə ümumilikdə 20 hektarda icra olunacaq. Birinci mərhələ 5 hektardan çox ərazini və ümumilikdə 20 min kvadratmetr tikili sahəni əhatə edir. Burada tikinti işlərinə ötən ilin oktyabrında başlanılıb və bir-biri ilə əlaqələndirilmiş 4 korpusdan ibarət kompleks inşa olunub. Şəhərcikdə 5 restoran, market və tədbirlər zalı, həmçinin açıq idman infrastrukturu - basketbol, futbol meydançaları və 2 padel kortu yaradılıb, açıq havada istirahət zonaları, piyada və velosiped zolaqları, parklanma sahələri təşkil edilib. Şəhərcikdə Bakı Dövlət Universitetinin, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mühəndislik, informasiya texnologiyaları, tətbiqi elmlər istiqamətlərində təhsil alan 1500-dən çox tələbəsinin tədrisə və praktiki fəaliyyətə cəlb edilməsi nəzərdə tutulur. Şəhərciyin tam fəaliyyətə başlaması ilə isə gündəlik ziyarətçi sayının təxminən 3 min nəfər olacağı gözlənilir.
