İCRA BAŞÇISININ GÖRÜŞLƏRİ DAVAM EDİR

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Hacıhüseynli kənd inzibati ərazi dairəsinin Küpçalqışlaq kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlar, eləcə də rayonumuzda aparılan abadlıq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinləri ətraflı bilgiləndirilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib. Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə dövlətimizin başçısına öz minnətdarlıqlarını bildiriblər. Qəbuldan əvvəl Rayon rəhbəri aidiyyəti şəxslərlə birlikdə Küpçalqışlaq kənd ümumi orta məktəbində yaradılmış Şəhidlər xatirə guşəsinin önünə gül dəstələri düzüb.