BİLL QEYTSDƏN SÜNİ İNTELLEKTLƏ BAĞLI XƏBƏRDARLIQ

"Microsoft" şirkətinin qurucusu Bill Qeyts süni intellekt texnologiyalarının sürətli inkişafı səbəbindən 2027-ci ildə kibertəhlükəsizlik sahəsində çoxlu xoşagəlməz sürprizlərin yaşanacağını düşünür.

Bu barədə o, CNN telekanalının efirində bildirib. "Gələn il ən kəskin dəyişiklikləri kiberhücumlar sahəsində görəcəyik. Çünki təhdidlər vasitəsilə pul tələb etmək və ya fond bazarında dəyişikliklərə səbəb olan pozuntular yaratmaq kimi məlum biznes modelləri mövcuddur", - deyə Qeyts deyib. Onun sözlərinə görə, pisniyyətli insanların, məhdudiyyətlərin olmamasının və ən yeni süni intellekt modellərinin bir araya gəlməsi gələn il, xüsusilə də kibertəhlükəsizlik sahəsində çoxlu xoşagəlməz sürprizlərə səbəb olacaq. Qeyts hesab edir ki, süni intellektin nəzarətdən çıxması hələlik bəşəriyyətin ən aktual problemi deyil. Onun fikrincə, texnologiyanın dünyaya ciddi təsir göstərə biləcək səviyyəyə çatması üçün hələ bir neçə il vaxt lazımdır. Xatırladaq ki, Bill Qeyts, bir müddət əvvəl şəxsi internet səhifəsində yayımladığı məqaləsində də süni intellektin təhlükəsi barədə yazmışdı. Yazıda Qeyts qeyd etmişdi ki, süni intellekt artıq ofis və digər zehni əməyə əsaslanan peşələrə təsir göstərir. Şirkətlərin məlumatların təhlili kimi tapşırıqları süni intellektə həvalə etməsi insan əməyinə tələbatı azalda bilər. O, xüsusilə əmək bazarına yeni daxil olan gənclər üçün iş imkanlarının azalmasından narahatlığını bildirmişdi.