BAKIDAN TİFLİSƏ, ORDAN DA TÜRKİYƏYƏ QURU YOL AÇILIR
Baxış sayı: 9
Bakı-Tiflis qatar xəttinin yenidən istifadəyə verilməsi Azərbaycandan xaricə səfərləri daha əlçatan etməklə yanaşı, ölkəyə gələn turist sayında da ciddi artım yarada bilər. Ekspertlər hesab edir ki, yeni marşrut xüsusilə Türkiyə və Gürcüstan istiqamətində turist axınının güclənməsinə səbəb olacaq. Dəmir yolu nəqliyyatı hava nəqliyyatı ilə müqayisədə daha sərfəli olduğundan, Bakı-Tiflis qatarı həm Azərbaycan vətəndaşlarının xaricə səfərlərini artıracaq, həm də ölkəyə gələn turistlərin sayına müsbət təsir göstərəcək. Hazırda Gürcüstana aviabiletlərin qiyməti orta hesabla 500-600 manat civarındadır. Türkiyə istiqamətində isə bu rəqəm daha yüksəkdir. Qatar xəttinin istifadəsi nəticəsində səfər xərclərinin təxminən iki dəfə azalacağı gözlənilir. Bu isə xüsusilə büdcə səyahətinə üstünlük verən turistlər üçün yeni imkanlar açır. Mütəxəssislər hesab edir ki, Bakı-Tiflis dəmir yolu yalnız Azərbaycandan gedən turist sayını artırmayacaq, eyni zamanda Gürcüstan və Türkiyə üzərindən Azərbaycana gələn turist axınını da sürətləndirəcək. Əlçatan qiymətlər, rahat nəqliyyat və tranzit imkanları ölkənin turizm sektorunda ümumi canlanmaya səbəb ola bilər. Xatırladaq ki, Bakı-Tbilisi-Bakı sərnişin qatarı üzrə birtərəfli biletin qiyməti 81 manatdan başlayacaq. Bu barədə bilgini Azərbaycan Dəmir Yolları” QSC bildirib.
