22 iyul – Milli Mətbuat Günü və Azərbaycan milli mətbuatının 151 illiyi münasibətilə Azərbaycan Jurnalistlər Birliyində (AJB) Həsən bəy Zərdabi adına Media Mükafatının təqdimat mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, tanınmış media rəhbərləri, jurnalistlər, ictimai xadimlər və media ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan AJB sədri Elçin Şıxlı Azərbaycan milli mətbuatının 151 illik şərəfli inkişaf yolundan, Həsən bəy Zərdabinin Azərbaycan jurnalistikasının formalaşması və maarifçilik ənənələrinin əsasının qoyulmasındakı misilsiz xidmətlərindən bəhs edib. O bildirib ki, Həsən bəy Zərdabi adına Media Mükafatı milli jurnalistikanın inkişafına, söz və fikir azadlığının möhkəmlənməsinə, peşəkar jurnalistika prinsiplərinin qorunmasına töhfə verən media nümayəndələrinin əməyinə verilən yüksək qiymətin ifadəsidir. Daha sonra çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid milli mətbuatın cəmiyyətin inkişafındakı rolundan, peşə etikası prinsiplərinin qorunmasının vacibliyindən və jurnalist həmrəyliyinin əhəmiyyətindən danışıb. O, Həsən bəy Zərdabi adına Media Mükafatının media cameəsində peşəkarlığın təşviqinə mühüm töhfə verdiyini vurğulayıb. Tədbirin sonunda laureatlara Həsən bəy Zərdabi adına Media Mükafatının diplomları və xatirə nişanları təqdim olunub, xatirə şəkli çəkdirilib. Azərbaycan Jurnalistlər Birliyi bundan sonra da milli jurnalistikanın inkişafına, peşəkar media ənənələrinin qorunmasına və Həsən bəy Zərdabinin maarifçilik irsinin yaşadılmasına xidmət edən media nümayəndələrinin fəaliyyətini yüksək qiymətləndirməyə davam edəcəyini bildirib.
