ADR TARİXİ ARAŞDIRMALARDA

Bakı Dövlət Universitetinin Tarix fakültəsinin tarixçi alim və araşdırmaçıları Qubada Soyqırımı Memorial kompleksində olublar. Tarixçi alimlər öncə Soyqırımı qurbanlarının xatirəsinə

ucaldılan abidəni ziyarət ediblər

Xatirə abidəni ziyarətin ardıyca Soyqırımı muzeyindəki ekspozisiyaya baxılıb.

Daha sonra Bakı Dövlət Universitetinin Tarix fakültəsinin və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin birgə təşkilatçılığı ilə 28 May Respublika Gününə həsr olunan “Müsəlman Şərqinin ilk parlamentli respublikası tarixi tədqiqatlarda” mövzusunda Respublika elmi-praktik konfrans keçirilib.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanan konfransda soyqırımı qurbanlarının və torpaqlarımız uğrunda şəhid olan igid oğullarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Cümhuriyyət fədailərinə həsr edilən qısa sənədli filimin göstərisindən sonra qonaqları salamlayan kompleksin direktoru Tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova konfransın işinə uğurlar arzulayıb. Soyqırımı qurbanlarını Cümhuriyyətin ilk şəhidləri adlandıran Rəxşəndə Bayramova bildirib ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi dövlətin məhz Azərbaycanda elan edilməsi, yüksək sosial-mədəni, iqtisadi tərəqqiyə, vətəndaş cəmiyyətinin formalaşmasına təkan verən çoxşaxəli islahatların bu məkanda gerçəkləşdirilməsi xalqımızın zəngin dövlətçilik ənənələrinə, yüksək milli qürura, yenilikçi düşüncə tərzinə malik olmasının parlaq təcəssümüdür.

Daha sonra çıxış edən Tarix fakültəsinin dekanı, Professor İbrahim Zeynalov vurğuladı ki, Azərbaycan Xalq Cümhuriyyəti kimi onun parlamenti də özünəməxsus tarixi yol keçib. Xalq Cümhuriyyəti parlamenti qısa müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, onun gördüyü mühüm işlər Azərbaycan tarixində silinməz izlər qoyub. Azərbaycan Xalq Cümhuriyyəti parlamenti bu gün xalqımızın qürur mənbəyidir.

Elmi məqalələr ilə çıxış edən tarixçi alim və tədqiqatçılar mövzu ətrafında fikir mübadilələri aparıblar.