Quba rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Qəza Bakı–Quba avtomobil yolunun Pirvahid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, "Shacman" markalı yük avtomobili, "Kia" və "Toyota Prius" markalı minik avtomobillərinin toqquşması nəticəsində zəncirvari qəza baş verib.Hadisə yerinə təcili tibbi yardım briqadaları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.TƏBİB-in verdiyi məlumata görə, qəza nəticəsində 5 nəfər – 2 kişi, 2 qadın və 1 azyaşlı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılara bədənin müxtəlif nahiyələrinin travmaları, qabırğa sınıqları, baş beyin silkələnməsi, açıq kəllə-beyin travması və komatoz vəziyyət diaqnozları təyin edilib. Xəsarət alanlardan 1973-cü il təvəllüdlü kişi və 2021-ci il təvəllüdlü azyaşlının müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Həkimlər onların vəziyyətini ağır qiymətləndirirlər. Digər üç nəfərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir. Onların vəziyyətinin orta ağır olduğu bildirilir. Qəzanın başvermə səbəbi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
