QUBADA TƏBİİ FƏLAKƏT – KƏNDLƏ ƏLAQƏ KƏSİLDİ

Quba rayonunda yağan intensiv yağışlar nəticəsində Aydınkənd kəndində ciddi fəsadlar yaranıb. Güclü sel suları kəndin infrastrukturuna, eləcə də yaşayış evlərinə və yardımçı tikililərə ziyan vurub.Qafqaz TV-nin verdiyi bilgiyə görə, təbii fəlakət kəndi rayon mərkəzi ilə birləşdirən avtomobil yolunu yararsız hala salıb. Sel suları yolun bir hissəsini yuyaraq tamamilə dağıdıb və nəticədə kəndin nəqliyyat əlaqəsi kəsilib. Eyni zamanda, kənd ərazisindəki bəzi evlərə və yardımçı tikililərə də ziyan dəydiyi bildirilir. Hazırda kənd sakinləri öz qüvvələri ilə dağılmış yolun açılmasına və nəqliyyat əlaqəsinin bərpasına çalışırlar. Ərazidə vəziyyətin normallaşdırılması və fəsadların aradan qaldırılması istiqamətində müvafiq işlərin görülməsi gözlənilir.