Bir neçə gün davam edən kəskin isti havadan sonra Quba rayonunda yağıntılı hava şəraiti müşahidə olunur.
Avqustun 14-də gecə saatlarında rayona yağış yağıb. Səhər saatlarında isə hava çiskinli keçib. Hazırda torpağın rütubətliliyi orta səviyyədədir.Yağıntılar rayon ərazisindən keçən çaylarda su sərfinin artmasına da səbəb olub.Quba Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən verilən bilgiyə görə, avqustun 14-nə olan göstəricilərə əsasən, Qudyalçay çayında su sərfi saniyədə 9,5 kubmetr, Qaraçayda 7, Vəlvələçayda isə 5 kubmetr təşkil edib. Cağacuqçay, Ağçay və Quruçayda su sərfi saniyədə 0,5 kubmetr olub.Yağıntılarla əlaqədar çayların bəzi hissələrində qabaqlayıcı tədbirlər görülür.Qudyalçay çayının Qırmızı qəsəbə ərazisindən keçən hissəsində, Əlibəyqışlaq kanalına su götürülən sahədə sel sularının kanala daxil olması təhlükəsi yaranıb.Təhlükənin qarşısını almaq məqsədilə əraziyə buldozer cəlb olunub. Hazırda texnikanın köməyi ilə çayın məcrasının dəyişdirilməsi istiqamətində iş aparılır. Qusarçayın Çayqışlaq kəndi və Gəncər qəsəbəsi ərazisindən keçən hissələrində də qabaqlayıcı tədbirlər planlaşdırılır. Çayın daşaraq kənd təsərrüfatı sahələrinə ziyan vurmasının qarşısını almaq üçün əraziyə tırtıllı ekskavator göndərilməsi nəzərdə tutulur. Texnikanın köməyi ilə çayın məcrasında müvafiq işlər görüləcək. Məqsəd yağıntılar nəticəsində yarana biləcək sel və daşqın təhlükəsinin, eləcə də təsərrüfat sahələrinə mümkün ziyanın qarşısını almaqdır.
