Qubada jurnalist Aytəkin Alxaslının müəllifi olduğu “Kamilliyə gedən yol” kitabının təqdimatı keçirilib.
Tədbirdə jurnalistin uzunillik yaradıcılıq fəaliyyəti və bölgə mediasına verdiyi töhfələrdən söz açılıb. Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edildi. Ardınca Aytəkin Alxaslının həyat və yaradıcılıq yoluna həsr olunmuş videoçarx nümayiş etdirilib. Ekranda jurnalistin müxtəlif illərdəki fəaliyyəti, hazırladığı reportajlardan görüntülər və peşə həyatının ayrı-ayrı məqamları təqdim olunub. “Kamilliyə gedən yol” müəllifin peşə fəaliyyətindən doğan müşahidələrin, müxtəlif illərdə qarşılaşdığı hadisələrin və yaddaşında iz buraxan insanların hekayələrinin toplandığı kitabdır. Çıxış edənlər nəşri Aytəkin Alxaslının jurnalistika sahəsində keçdiyi yolun və illər ərzində qazandığı təcrübənin yazılı ifadəsi kimi təqdim ediblər. Çıxışlarda onun jurnalist fəaliyyətini fərqləndirən əsas xüsusiyyətlərdən birinin mövzulara özünəməxsus yanaşması olduğu xüsusilə vurğulanıb. Təqdimat mərasimində jurnalistin həmkarları da çıxış edərək Aytəkin xanımla bağlı xatirələrini danışıblar. Aytəkin Alxaslının peşə fəaliyyətindən əlavə, insanlarla münasibəti və şəxsi keyfiyyətləri barədə fikirlər səsləndirilib. Qeyd olunub ki, jurnalistin fəaliyyəti uzun illər ərzində bölgənin həyatının ictimaiyyətə çatdırılmasında mühüm yer tutub. Tədbirin sonunda müəllif oxucular üçün kitablarını imzalayıb. “Kamilliyə gedən yol” nəşri iştirakçılara təqdim olunub və tədbir xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb. Qeyd edək ki, Aytəkin Alxaslının jurnalistika sahəsində fəaliyyəti dövlət tərəfindən də layiqincə qiymətləndirilib. Belə ki, o, 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb. Bununla yanaşı, Aytəkin Alxaslı müxtəlif illərdə jurnalistika sahəsindəki səmərəli fəaliyyətinə və peşəkar xidmətlərinə görə bir sıra medal və diplomlarla təltif olunub.
