Quba rayonunun yüksək dağlıq ərazilərində qar və sulu qar yağıb. Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzinin məlumatına görə, son günlər müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində dağlıq ərazilərdə qar örtüyünün hündürlüyü artıb.
Noyabrın 17-si saat 07:00-a olan məlumata əsasən, Qırız meteoroloji stansiyasında qar örtüyünün hündürlüyü 12 santimetr, havanın temperaturu mənfi 6 dərəcə qeydə alınıb. Xınalıq meteoroloji stansiyasında isə qar örtüyünün hündürlüyü 5 santimetr, havanın temperaturu mənfi 5,7 dərəcə təşkil edib.Hidrometeorologiya Mərkəzindən bildirilib ki, Qırızda qeydə alınan qar örtüyünün bir hissəsi əvvəlki günlərdə yağan qarın hesabına formalaşıb. Son günlər yağan qar və sulu qar isə mövcud qar örtüyünün artmasına səbəb olub.
