PREZİDENT SƏRƏNCAMI İLƏ ZƏRƏRÇƏKƏNLƏRƏ BÖYÜK DƏSTƏK
Baxış sayı: 7
Prezident İlham Əliyev sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün ümumilikdə 86 milyon manata yaxın vəsait ayırıb. Bununla bağlı dövlət başçısı sərəncam imzalayıb. Sənəddə qeyd olunub ki, cari ilin mart–aprel ayları ərzində güclü leysan yağışları və yaranan sel suları Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində ciddi dağıntılara səbəb olmuş, kənd təsərrüfatına, infrastruktur obyektlərinə yəni yol, körpü, elektrik və yaşayış evlərinə ciddi ziyan vurub.Ayrılan vəsaitin əsas məqsədi zərər çəkmiş infrastrukturun bərpası, əhalinin sosial rifahının yaxşılaşdırılması və gələcəkdə bu cür halların qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin gücləndirilməsidir. Hazırda bölgələrdə intensiv bərpa işləri aparılır. Digər bölgələrdə olduğu kimi Quba rayonunda da selin vurduğu ziyanın aradan qaldırılması istiqamətində genişmiqyaslı tədbirlər görülür. Dağılan yolların yenidən qurulması, kəndlərarası nəqliyyat əlaqəsinin bərpası və sakinlərin normal həyat şəraitinə qaytarılması üçün aidiyyəti qurumlar səfərbər olunub.Təbii fəlakətin ən ağır nəticələri evləri uçaraq yararsız hala düşən sakinlərin həyatında özünü göstərib. Artıq dövlət tərəfindən ayrılan vəsait hesabına onların evlərinin yenidən bərpası istiqamətində işlərə başlanılıb.Sakinlərin sözlərinə görə, həyata keçirilən tədbirlər onların gələcəyə inamını artırır və həyatın tezliklə əvvəlki axarına qayıdacağına ümid yaradır.Mütəxəssislər qeyd edirlər ki, bu cür operativ qərarlar təbii fəlakətlərin nəticələrinin minimuma endirilməsində mühüm rol oynayır.
