PAŞİNYAN, YOXSA KÖÇƏRYAN – "AZƏRBAYCANIN ADAMI" KİMDİR ?

Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş prezident Robert Köçəryanın həbsi ilə bağlı anons verib.Paşinyan bu barədə televiziyanın efirində bildirib. O qeyd edib ki, Köçəryan məhkəmə və hüquq sistemindəki əlaqələri sayəsində məsuliyyətdən yayınır. Baş nazirin sözlərinə görə, seçkilərdən dərhal sonra keçmiş prezident barəsində hüquqi proseslər sürətləndirilməlidir. “Robert Köçəryan çox tez bir zamanda və uzun müddətə həbsxanaya düşməlidir”, – Paşinyan vurğulayıb. O, həmçinin iddia edib ki, Köçəryanı məsuliyyətdən qoruyan qüvvələr ölkədə formalaşmış “məhkəmə və hüquq mafiyasıdır”. Xatırladaq ki, Köçəryan Paşinyanı dəfələ, o cümlədən son siyasi çıxışlarında və etiraz aksiyaları fonunda “Azərbaycanın adamı” adlandırıb. Köçəryan iddia edib ki, Paşinyanın yürütdüyü siyasət sırf rəqib dövlətlərin yəni Azərbaycan və Türkiyənin maraqlarına cavab verir. Paşinyanın komandası və tərəfdarları isə Robert Köçəryanı və müxalifət liderlərini birbaşa Rusiyanın maraqlarını müdafiə etməkdə, bəzən isə elə Azərbaycan və Türkiyənin gizli agenti olmaqda günahlandırırlar. Qeyd edək ki, Robert Köçəryan Xocalı soyqırımında və Azərbaycana qarşı törədilmiş digər müharibə cinayətlərində ittiham olunur. O, eyni zamanda Ermənistanda 2008-ci ilin mart hadisələrinə görə məsuliyyət daşıyan əsas fiqurlardan biri hesab edilir.