MOLLA REJİMİ RZA ŞAHA TƏHVİL VERİLİR?
Baxış sayı: 38
İranda küçə etirazlarının yenidən başlaması çox az adam üçün gözlənilməz oldu. Siyasət və iqtisadiyyat üzrə mütəxəssislər uzun müddətdir ki, "ac qalan insanların" yenidən küçələrə çıxacağını proqnozlaşdırırdılar. Xalqın gözləntiləri və İrandakı ağır iqtisadi vəziyyət cəmiyyətin bir partlayışın və etiraz dalğasının astanasında olduğunu göstərirdi. Hal hazırda aksiyalar respublikanın 31 vilayətinin ən azı 340 yaşayış məntəqəsində keçirilir. Ölkə üzrə saxlanılanların sayı 2000-i ötüb. Təhlükəsizlik qüvvələri ilə toqquşmalar qeydə alınıb, mülki şəxslərə qarşı döyüş sursatı və gözyaşardıcı qazdan istifadə edildiyi bildirilir. İlkin məlumatlara görə, hadisələr nəticəsində 45 nəfər ölüb. Ölənlər arasında dörd azyaşlı və iki polis əməkdaşı var. Politoloq Elxan Şahinoğlu bildirib ki, İranın sonuncu şahının oğlu Rza Pəhləvinin İran xalqını 8 və 9 yanvar tarixlərində küçələrə çıxmağa çağırması onun özü, o cümlədən ABŞ və İsrail üçün nəbz yoxlamasıdır. Rza Pəhləvi ABŞ və İsraildə özünü İran rejiminə əsas alternativ kimi tanıtdırıb. Pəhləvini həvəsləndirən İranda son etiraz yürüşlərində onun adının hallandırılması, lehinə şüarların səsləndirilməsi olub. Halbuki İranda yaşayan müxtəlif millətlər, o cümlədən azərbaycanlıların mütləq əksəriyyəti molla rejiminin yerinə Pəhləvinin simasında yenidən şah üsul-idarəsinin bərpasını istəmirlər. Buna baxmayaraq, molla rejiminə etiraz edən farslar arasında Pəhləvilərə simpatiyası olanlar az deyil. Əgər Pəhləvinin çağırışına uyğun olaraq 8 və 9 yanvar tarixlərində İranda etirazlar əvvəlki günlərlə müqayisədə daha kütləvi olarsa, Vaşinqtonun və Təl-Əvivin Rza Pəhləviyə inamı artacaq, əks halda ABŞ və İsrail alternativ variantlar üzərində planlar qurmağa başlayacaqlar - deyə politoloq qeyd edib. Qeyd edək ki, son aylarda yerli media qurumları qiymət artımları, yaşayış xərclərinin yüksəlməsi və əmək bazarındakı xaosun nəticələrinin yeni bir xalq etirazına zəmin yaradacağı barədə iqtisadçılar və siyasi-ictimai fəalların xəbərdarlıqlarını dəfələrlə gündəmə gətirmişdi.
