Azərbaycanda aprelin 1-dən kartdan-karta pul köçürmələri üzrə yeni xidmət haqqı tarifləri müəyyən edilib. Banklararası
Kart Mərkəzində (BKM) emal olunan kartdan köçürmə və karta köçürmə əməliyyatları üzrə xidmət haqları köçürülən vəsaitin məbləğinə uyğun müəyyən edilib. Milli valyutada həyata keçirilən əməliyyatlara görə bu xidmət haqları tətbiq ediləcək: - 100 manatadək köçürmələr – 3 qəpik, 100 manat 01 qəpikdən –1000 manata qədər köçürmələr üçün – 10 qəpik, 1000 manat 01 qəpikdən –10 000 manata qədər – 50 qəpik, 10 000 manat 01 qəpikdən – 40 000 manatadək – 2 manat, 40 000 manatdan yuxarı isə – 4 manat xidmət haqqı tutulacaq. Azərbaycan Mərkəzi Bankının təsdiq etdiyi Banklararası Kart Mərkəzi üzrə tariflər yalnız infrastruktura daxil olan iştirakçılara, yəni banklar və ödəniş təşkilatlarına tətbiq edilən komissiyalardır. Bunu Azərbaycan Mərkəzi Bankı bəyan edib. "Bu komissiyalar Banklararası Kart Mərkəzi sistemində emal olunan əməliyyatlara görə bilavasitə iştirakçı institutlardan tutulacaq və son istifadəçilərə, yəni vətəndaşlara bilavasitə şamil olunmur", - deyə açıqlamada qeyd olunub. Maraqlıdır, bəs görəsən bu tariflər "m10" platforması ilə ödənişlərə şamil olunur? Məsələ ilə bağlı "m10" rəqəmsal pul kisəsinin mətbuat xidmətindən bildirilib ki, yeni tariflər platformaya şamil olunmur və köçürmələr üzrə əvvəlki qaydalar qüvvədə qalır.
