Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Güləzi kənd inzibati ərazi dairəsinin Afurca kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib.
Qəbulda Quba rayon Polis Şöbəsinin rəisi, Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, eləcə də Quba rayonunda həyata keçirilən sosial-iqtisadi inkişaf tədbirləri barədə sakinlərə ətraflı bilgi verilib. Vətəndaşlar tərəfindən qaldırılan müraciət və təkliflər dinlənilib, səsləndirilən məsələlərin operativ həlli məqsədilə aidiyyəti qurumların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verilib. Kənd sakinləri göstərilən diqqət və qayğıya, onların problemlərinin həlli istiqamətində görülən işlərə görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər. Səyyar qəbuldan əvvəl rayon rəhbəri aidiyyəti şəxslərlə birlikdə Afurca kəndindəki Şəhidlər abidə-xatirə kompleksini ziyarət edərək abidə önünə gül dəstələri düzüb.
