Quba–Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Güləzi kənd kitabxanası və
Bəşir Səfəroğlu adına Quba Rayon Mədəniyyət Mərkəzinin Güləzi kənd folklor klubunun birgə təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, tanınmış şairə Firəngiz Sabirqızının "Uşağ Şerləri" kitabının təqdimatına həsr olunmuş "Şeirdən Səhnəyə" adlı ədəbi-bədii tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Ardınca Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirin aparıcısı çıxış edərək bildirib ki, bu görüş təkcə bir kitabın təqdimatı deyil, eyni zamanda uşaqlarda kitab sevgisinin, mütaliə vərdişinin və poeziyaya marağın artırılmasına xidmət edən mənəvi bir bayramdır.Rəsmi hissədə Güləzi kənd folklor klubunun müdiri Ofelya Mikayılova, kitabxanaçı, şəhid qardaşı Ağababa Tarverdiyev, Bəşir Səfəroğlu adına Quba Rayon Mədəniyyət Mərkəzinin direktoru Ramiz Ramazanlı və şəhid ailələrinin nümayəndələri çıxış edərək uşaqların mənəvi inkişafında kitabın, şeirin və milli-mənəvi dəyərlərin əhəmiyyətindən danışdılar.Daha sonra söz tədbirin əsas qonağı, "Uşağ şerləri" kitabının müəllifi Firəngiz Sabirqızına verilib. Şairə səmimi qəbula görə təşkilatçılara təşəkkürünü bildirib, yaradıcılığına göstərilən diqqətin onun üçün böyük mənəvi dəyər daşıdığını vurğulayıb və balaca oxuculara xoş günlər və firəvan həyat arzulayıb.Tədbirin bədii hissəsində kitabxananın qiraət dərnəyinin üzvləri Firəngiz Sabirqızının şeirlərini bədii qiraət ediblər. "Güləzi inciləri" rəqs qrupunun ifasında "Nəlbəki", "Şuşanın dağları", "Şən Azərbaycan" və digər rəqsləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Xanəndələrin, meyxanaçı Ağşin Qubalının, eləcə də saz ifaçısı Ömər Abdullayevin təqdim etdiyi "Dəymə-Dəymə" ifası tədbirə xüsusi rəng qatıb.Sonda Firəngiz Sabirqızına uşaqların mənəvi dünyasının zənginləşməsinə verdiyi dəyərli töhfələrə görə təşəkkür edilib, ona möhkəm cansağlığı və yeni - yeni yaradıcılıq uğurları arzulanıb.
