Azərbaycan Jurnalistlər Birliyinə daha bir qrup jurnalist üzv qəbul olunub.
Ötən gün yeni üzvlərə üzvlük vəsiqələrinin təqdim olunması ilə bağlı mərasim keçirilib. Tədbirdə 15 yeni üzvə AJB-nin üzvlük vəsiqələri təqdim edilib. Mərasimi giriş sözü ilə açan Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı qurumun keçdiyi tarixi yol, hazırkı fəaliyyəti və qarşıdakı dövr üçün nəzərdə tutulan planlardan danışıb. AJB sədrinin sözlərinə görə, birliyin fəaliyyətinin daha da genişləndirilməsi və təkmilləşdirilməsi, müasir texnoloji tendensiyalara uyğunlaşdırılması, eləcə də çevik və elektron mexanizmlərin yaradılması istiqamətində planlar hazırlanıb. Bildirilib ki, nəzərdə tutulan tədbirlər qarşıdakı dövrdə mərhələli şəkildə həyata keçiriləcək. Tədbir zamanı yeni üzvlərlə qarşılıqlı fikir mübadiləsi aparılıb, onların təklif və rəyləri dinlənilib. Sonda Elçin Şıxlı yeni üzvlərə üzvlük vəsiqələrini təqdim edib, onlara jurnalist fəaliyyətlərində uğurlar arzulayıb. AJB sədri yeni üzvlərin birliklə səmərəli əməkdaşlıq edəcəyinə ümidvar olduğunu bildirib. Qeyd edək ki, yeni qəbul olunan üzvlər arasında ELTV-nin baş direktoru İqbal Məmmədəliyev, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, “525-ci qəzet”in baş redaktorunun müavini İlqar Tağıyev, Mətbuat Şurası icra katibinin müavini Fəridə Ağazadə və digər tanınmış jurnalistlər də var. Xatırladaq ki, Azərbaycan Jurnalistlər Birliyi ölkənin ən köklü jurnalist təşkilatlarından biridir. Qurumun yaranma tarixi 1950-ci illərə təsadüf edir.
