ADPU-NUN QUBA FİLİALINDA ALİ TƏHSİLİN GƏLƏCƏYİ MÜZAKİRƏ OLUNUR

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında “Regionlarda ali təhsil: reallıqlar və perspektivlər”

mövzusunda VI Beynəlxalq Elmi Konfransın açılış mərasimi keçirilib. 19–21 noyabr tarixlərini əhatə edən konfrans “Şəhərsalma və Memarlıq İli” çərçivəsində, filialın 35 illik yubileyinə həsr olunub. Beynəlxalq tədbirdə Azərbaycanla yanaşı, Özbəkistan, Türkiyə, Qazaxıstan, Rusiya və Pakistandan alimlər, ali təhsil müəssisələrinin nümayəndələri və gənc tədqiqatçılar iştirak ediblər.Açılış mərasimində ADPU-nun rektoru Cəfər Cəfərov, filialın direktoru Yusif Alıyev, Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abbasova, Milli Məclisin deputatları Əlibala Məhərrəmzadə və Müşfiq Məmmədli, eləcə də digər rəsmi şəxslər çıxış ediblər. Xarici universitetlərin nümayəndələri tədbirə onlayn formatda da qoşulublar. Çıxışlarda regionlarda ali təhsilin inkişafı, elmi potensialın gücləndirilməsi, innovativ tədris metodlarının tətbiqi və beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Konfrans çərçivəsində rəqəmsal transformasiya, süni intellektin təhsildə tətbiqi, müəllim hazırlığı, yaşıl təhsil və dayanıqlı regional inkişaf kimi aktual mövzular üzrə elmi müzakirələr aparılır. Təqdim olunan məqalələrin ISBN və DOI identifikatorları ilə konfrans materialları toplusunda nəşri nəzərdə tutulur. Açılış mərasiminin ardınca Quba rayonunun Bəşir Səfəroğlu adına Mədəniyyət Mərkəzinin ifaçılarının iştirakı ilə bədii-musiqili proqram təşkil olunub.Tədbir çərçivəsində ADPU-nun Quba filialında kompüter laboratoriyasının da açılışı olub. Yeni laboratoriyanın tələbələrin rəqəmsal bacarıqlarının inkişafına və tədrisdə müasir texnologiyalardan istifadənin genişləndirilməsinə xidmət edəcəyi bildirilib. VI Beynəlxalq Elmi Konfrans regionlarda ali təhsilin inkişafı, elmi biliklərin paylaşılması və beynəlxalq akademik həmrəyliyin gücləndirilməsi istiqamətində mühüm elmi platforma kimi fəaliyyətini davam etdirir.