VƏTƏNİN KEŞİYİNDƏ: İLKİN ABUYEVİN DÖYÜŞ YOLU

Çavuş İlkin Abuyev 1998-ci il avqustun 29-da Qusar rayonunun Atluxan kəndində anadan olub. Orta təhsilini böyüyüb boya-başa çatdığı Atluxan kənd tam orta məktəbində alıb. Müddətli həqiqi hərbi xidmətini 2016-2018-ci illərdə Daxili Qoşunların Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “N” saylı hərbi hissəsinin komendant bölüyündə keçib.

Hələ uşaq yaşlarından hərbi xidmətə böyük marağı olduğundan, Daxili Qoşunların Hacıqabul rayonundakı “N” saylı hərbi hissəsinin xüsusi vasitələrin tətbiqi dəstəsində müddətdən artıq həqiqi hərbi xidmətdə qalaraq, Vətən qarşısında olan şərəfli borcunu yerinə yetirməkdə davam edib. 2020-ci ilin fevral ayından Daxili Qoşunların Lənkəran rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmətini davam etdirən çavuş İ.Abuyev yaralandığı günədək xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda atıcı kimi vəzifə borcunu ləyaqətlə yerinə yetirib. Xidmət etdiyi dövrdə yüksək döyüş hazırlığı, hərbi intizamı və müsbət fərdi keyfiyyətləri ilə fərqlənən hərbi qulluqçu kimi hərbi hissə komandanlığı tərəfindən bir neçə dəfə mükafatlandırılıb. Vətən uğrunda bu gün də canından keçməyə hazır olduğunu deyən İlkin Abuyev Füzuli və Şuşa istiqamətlərində aparılan hərbi əməliyyatlarda fəal iştirak edib. İlk döyüşü isə 2020-ci il oktyabrın 17-də Füzuli istiqamətində, “Karyer” deyilən ərazidə olub: “Burada düşmənin “Beton post” deyilən möhkəmləndirilmiş mövqeləri istiqamətində baş vermiş şiddətli döyüşdə dəstəmizin cəsur hərbi qulluqçularından kiçik gizir Anar Məmmədov qəhrəmancasına şəhid oldu, digər silahdaşımız çavuş Elvin Abbasov isə ağır yaralandı. Lakin buna baxmayaraq, düşməni məhv edərək strateji əhəmiyyətli mövqelərini tutmağa müvəffəq olduq. Bundan sonrakı döyüş tapşırığımız isə Şuşanın azad olunması oldu. Azərbaycan Prezidentinin 18.12.2020-ci il, 25.12.2020-ci il, 29.12.2020-ci il tarixli müvafiq sərəncamları ilə çavuş Abuyev İlkin Elxan oğlu “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.