Təhsil, xalqların sosial, mədəni və iqtisadi rifahının yüksəlməsində çox önəmli bir faktordur. Cinsiyyətindən asılı olmayaraq təhsil prosesində bərabərliyi təmin etmək çox vacibdir.
Belə ki, oğlanların təhsil alması ilə yanaşı, qızların da təhsilli olması gələcək nəsillərin daha yüksək uğur əldə etməsinə töhfə verir. Lakin təəsüflə qeyd etməliyəm ki, dini xurafata yuvarlanan bəzi valideynlər düşünürlər ki, guya, qızların məktəbə getməsi onların tərbiyəsinin pozulmasına gətirib çıxarır. Əsasən, kənd yerlərində son illərdə təhsil imkanlarının yaxşılaşdırılmasına baxmayaraq, bu imkanlardan daha çox oğlanların yararlandığı, qız uşaqlarının təhsilinə isə ana-ata tərəfindən ancaq müəyyən yaşa qədər icazə verildiyi müşahidə edilir. Heç kimə sirr deyil ki, erkən nigah, qızların məktəbdən kənarda qalmasına, təhsil alma imkanlarının məhdudlaşmasına və nəticə olaraq onların cəmiyyətin tamhüquqlu üzvü kimi inkişaf etməsinə mane olur. Qız uşaqlarının təhsil hüququnun qorunması cəmiyyətin gələcəyi üçün mühüm əhəmiyyət daşıyır. Böyük mesenat Hacı Zeynalabdin Tağıyev əbəs yerə demirdi ki, “Təhsilli qadın təhsilli şəxs, təhsilli ailə və təhsilli gələcəkdir”. Ana nə qədər təhsilli, dünyagörüşlü olarsa, onun yetişdirdiyi övlad da bir o qədər savadlı, cəmiyyət üçün faydalı olar. Bunu nəzərə alıb,cəmiyyət olaraq gələcəyin anası olacaq qızların kamil, intellektli və təhsilli insan kimi yetişməsinə şərait yaratmalıyıq.
