GƏNCLƏRİ ZƏRƏRLİ VƏRDİŞLƏRDƏN QORUMAĞIN YOLLARI
Baxış sayı: 9
Sağlamlıq insana doğuşdan bəxş edilir, ancaq onu ömür boyu qorumaq üçün, erkən yaşlardan qocalığa qədər möhkəmlənməsinə diqqət yetirilməlidir. Əgər erkən yaşlarda uşağın sağlamlığı əsasən ailənin həyat tərzindən asılıdırsa, yeniyetməlik və gənclik dövründə isə bu ətraf mühitin təsirindən daha çox asılı olur. Siqaret, alkoqol və narkotik kimi zərərli vərdişlər adətən uşaq və gənclərdə böyükləri yamsılama nəticəsində baş verir. Bu vərdişlər qısa müddətdə asılılıq səviyyəsinə çatır və sonrakı illərdə daha böyük problemlər yaradır. Avropada gənclərin 40 faizi elektron siqaretdən istifadə edir. Gənclər bunun daha zərərsiz və siqareti tərgitmək üçün səmərəli üsul olduğunu düşünsələr də, statistika onun tam əksini deyir. Belə ki, elektron siqaretin buxarı insanlarda ürək-damar və onkoloji xəstəliklərə səbəb olur. Beynəlxalq Əmək Təşkilatının (BƏT) son hesabatlarına əsasən, hazırda dünyada 100 milyona yaxın yeniyetmə və ya erkən gənclik dövrünü yaşayan şəxslər təhsil almaq və məktəbə getmək imkanlarından məhrumdurlar. Bütün bunlar gəncləri zərərli vərdişlərə meyilləndirən əsas faktorlar sırasındadır. Sağlam can insana verilir ki, onu qoruyasan. Bəzilərimiz isə bizə borc olaraq verilmiş canı qorumaq əvəzinə onu zərərli vərdişlərlə məhv edirik. Unutmayaq ki, insan vücudu Yaradanın ona bəxş etdiyi ən dəyərli nemətdir və hər bir kəs ona verilən bu əmanətin hesabını verəcək.
