BÖYÜKLƏRDƏN ÖYRƏN, KİÇİKLƏRƏ NÜMUNƏ OL

Hər bir cəmiyyətin özünün yazılmayan qanunları var. Bunlardan biri də böyüklərə hörmətdir. Atalarımız əbəs yerə deməyib ki, “Böyüksüz yerdə oturma”, “Ağsaqqalsız yer suyu sovrulmuş dəyirmana bənzəyir”.

Bu sözlər sadəcə bir atalar sözü deyil, həyat sınağından çıxmış böyük bir həqiqətin ifadəsidir. Bəs bu dəyərlər bu gün ailədə və məktəbdə necə qorunur? Yaşlı nəslin təcrübəsi gənclərə necə ötürülür? Uşağın aldığı ilk tərbiyə onun gələcək davranışının təməlini qoyur. Ailədə hörmət görən uşaq məktəbdə də müəlliminə, böyüklərə və yaşıdlarına münasibətdə bu dəyərləri nümayiş etdirir. Bu mənada yeniyetmələrin üzərinə böyük məsuliyyət düşür. Onlar həm böyüklərdən öyrənir, həm də özlərindən kiçiklərə nümunə olurlar. Böyüklərdən öyrənmək, yaxşı dəyərləri qorumaq və onları özündən kiçiklərə ötürmək – gələcəyin daha sağlam cəmiyyətini formalaşdırmağın ən sadə, amma ən vacib yollarından biridir. Unutmamalıyıq ki, uşaqlar çox vaxt bizim dediklərimizi deyil, etdiklərimizi təkrarlayırlar.